İmtahan 23 noyabr 2025-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 23 oktyabr saat 18:00-dan 12 noyabr saat 11:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində qeydiyyatdan keçə bilərlər.
“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.
Bildirilir ki, imtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 19 iyun 2025-ci il tarixli 183 nömrəli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

