Şəhid Emin Bəhmən oğlu Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta məktəbin rus bölməsində, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirmişdir. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnmişdir. Ailəli idi. 2 övladı yadigar qaldı.
“Tehsil365“ xatırladır ki, 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində "N" saylı hərbi hissədə "leytenant" rütbəsində vəzifəsinə başlamışdır. Azərbaycan Ordusunun mayoru İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etmişdir. 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 10 medalla təltif edilib.

