Təhsil 365 - Logo Mobile

ATU-da Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

12630.10.2025 - 16:58
ATU-da Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində görkəmli alim, cərrah və ictimai xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş “Mustafa Topçubaşov: Akademik irs – 130” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyi və ATU-nun birgə təşkilatçılığı ilə baş tutub.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, konfrans Dövlət Himni və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Rektor Gəray Gəraybəyli bildirib ki, tədbir alimin xatirəsinə ehtiramla yanaşı, tibb elminin inkişafına sadiqliyin ifadəsidir. Prezident İlham Əliyevin yubileyin qeyd olunması ilə bağlı Sərəncamının elmə və alimə verilən yüksək dəyərin göstəricisi olduğu vurğulanıb.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov Mustafa Topçubaşovun əməliyyatları və elmi yenilikləri haqqında müəllimlərindən çox eşitdiyini, onun Azərbaycanda bir elmi məktəb yaratdığını qeyd edib. AMEA-nın vitse-prezidenti İradə Hüseynova isə Topçubaşovun milli səhiyyə sisteminin qurulmasında və Akademiyanın yaradılmasında mühüm rol oynadığını xatırladıb.

ATU-nun prorektoru Məlahət Sultan alimin çoxşaxəli fəaliyyəti, elmi və mənəvi irsinin Azərbaycan elmi üçün böyük dəyər daşıdığını bildirib. Çıxışlarda Topçubaşovun tibb elminin banilərindən biri, cərrahiyyə məktəbinin yaradıcısı və islahatçı pedaqoq kimi rolu qeyd edilib.

Tədbirdə alimin oğlu, professor İbrahim Topçubaşovun bəstələdiyi musiqilər Xalq artisti Samir Cəfərov tərəfindən səsləndirilib. Ailə adından çıxış edən Ceyhun Topçubaşov göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Sonda rektor Gəray Gəraybəyli Ceyhun Topçubaşova xatirə hədiyyəsi təqdim edib. Konfrans sessiyalarla davam edir, oktyabrın 31-də panel müzakirələri keçiriləcək.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...