“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da İçərişəhərdəki tarixi Yeraltı hamamda “Axar yaddaş” sərgisi təqdim olunub.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi Əməkdar rəssam Səbinə Şıxlinskaya, gənc rəssamlar Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və Timur Zaripovun iştirakı ilə su anlayışını yaddaş və zamanla əlaqələndirən müasir incəsənət nümunələrini nümayiş etdirir.
Səbinə Şıxlinskaya bildirib ki, hamam milli kimliyi əks etdirən vacib tarixi məkandır və burada videoinstalyasiyalar vasitəsilə qədimliklə müasirliyin birləşməsi yaradılıb. Rəssam vurğulayıb ki, layihə suyun insan üçün həm fiziki, həm də mənəvi təmizlənmə mənbəyi kimi təqdim olunmasına xidmət edir.
Kurator Mənsurə Məmmədəliyeva qeyd edib ki, sərgi hamam mədəniyyətini su, yaddaş və təmizlik kontekstində araşdırır, onu həm kollektiv, həm də fərdi yaddaş məkanı kimi təqdim edir. Art menecer Aqnessa Tariverdiyeva isə layihənin tarixi-mədəni irsin qorunması və ekoloji məsuliyyət ideyalarını incəsənət vasitəsilə çatdırdığını bildirib.
Rəssam Nərgiz Əsgərovanın “Su kimi” adlı əsəri suyun axıcılığı və çevrilmə gücü üzərindən insanın daxili təmizlənməsini simvolizə edir. Onun nanovideoinstalyasiyasında su yaddaş və kimlik daşıyıcısı kimi poetik şəkildə təqdim olunur.
“Axar yaddaş” sərgisi noyabrın 13-dək davam edəcək.

