Türkiyədə qastrolda olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İstanbulda keçirilən “7-ci Beynəlxalq Maltepe Teatr Festivalı”nda "Qadınım" tamaşası ilə çıxış edib. Tamaşa Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanıb.
“Tehsil365” xəbər verir ki,musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.Akademik Musiqili Teatrının Türkiyədə mütəmadi olaraq səhnəyə çıxdığını xatırladan rejissor bu tamaşanın bundan əvvəl qardaş ölkənin Konya şəhərində keçirilən teatr festivalı çərçivəsində oynandığını və oradan da gözəl təəssüratlarla qayıtdıqlarını bildirib.
Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. “Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət” prinsipi əsasında qurulan tamaşa dərin fəlsəfi məna çalarlarında təqdim edilib.
Türkiyənin retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak ediblər.
Əsərin plastik həllindən məsul Əməkdar artist Nigar Şahmuradova, eyni zamanda, tamaşada aktrisa kimi də çıxış edib.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb.

