Oktyabrın 31-də Naxçıvan Dövlət Universitetinin nəzdindəki İngilis dili təmayüllü Gimnaziya və Beynəlxalq Məktəbin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərin Səsi” adlı tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə “Zəfərin rəngləri” adlı 50-yə yaxın rəsm və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub, şəhidlərin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.
Rektor Elbrus İsayev qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün bərpasının 5-ci, Konstitusiyanın qəbulunun 30-cu ildönümü ərəfəsində keçirilən bu tədbirlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verir. O bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış günlərdəndir və qazanılan Qələbə şəhidlərin canı, qanı bahasına əldə olunub.
Şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova övladının qəhrəmanlığından danışıb, şəhidlərin xatirəsinin dövlət tərəfindən uca tutulduğunu vurğulayıb. II Qarabağ müharibəsi qazisi, NDU tələbəsi Əli Əlisoy da döyüş yolundan və şəhidlərin igidliyindən söz açıb.
Tədbir şagirdlərin bədii proqramı ilə davam edib. Beynəlxalq Məktəbin direktoru Bayram Əliyev esse müsabiqəsi və futbol turnirinin qaliblərini elan edib, fəallıq göstərən müəllim və şagirdlərə, eləcə də şəhid övladlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub. Konsert proqramına Samirə Səfərova rəhbərlik edib, konsertmeyster Fəridə Ağayeva olub.

