Noyabrın 1-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Zəfərin izi” adlı sərgi açılıb.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, şəhid və qazilərimizin igidliyinin, xalqımızın milli həmrəyliyinin incəsənət vasitəsilə təcəssüm etdirilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Arif Hüseynov və professor Aslan Xəlilov çıxış edərək son illərdə rəssamların qələbə ruhunda yaratdıqları əsərlərdən danışıblar. Qeyd olunub ki, sərgidəki əsərlər gələcəkdə azad edilən torpaqlarda da nümayiş etdiriləcək.
“Zəfərin izi” sərgisində 38 əsər təqdim edilib. Ekspozisiyada Arif Hüseynov, Vüqar Əli, Mir Azər Abdullayev, Fikrət İbrahimli, Tahir Şıxəliyev, Nazim Məmmədov və gənc rəssamların qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş əsərləri yer alıb. Plakat janrına xüsusi yer ayrılıb və bu əsərlər sərginin ideya-məzmununa özünəməxsus töhfə verib.
Sərgi çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tələbələrinin iştirakı ilə musiqi və rəqs proqramı təqdim olunub.
“Zəfərin izi” sərgisi noyabrın 5-dək Muzey Mərkəzində ziyarətçilər üçün açıq olacaq.

