Bir müddət öncə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) Azərbaycan təhsil tarixində ilkə imza atdı. Nədənsə UNEC-in bu uğuru təhsil hadisəsinə çevrilmədi. Halbuki bu, Cənubi Qafqazda bir ilk idi.
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, planetin ən nüfuzlu reytinq agentliklərindən olan “Times Higher Education” (“THE”) ənənəvi olaraq, “Dünya Universitetləri Reytinqi 2026” -nın nəticələrini açıqladı. Dünya universitetlərinin ilk TOP-1000-liyinə daxil olan UNEC (801-1000-ci yerlər) nəinki Azərbaycan, Cənubi Qafqazda birinci oldu.
Ən sevindirici məqam isə UNEC-in tədqiqat keyfiyyəti indeqatoru (meyarı) üzrə çox yüksək nailiyyət əldə etməsidir. UNEC Azərbaycan təhsil tarixində ilk dəfə olaraq bu meyar üzrə TOP-500-də də yer aldı, 481-ci yeri qazandı.
Hazırda dünya universitetlərinin çağdaş inkişaf meylləri tədqiqat keyfiyyətinə xüsusi önəm verir. Artıq bir universitetin uğur formulu daha çox onun tədqiqatçılıq imkanları və bu üsulla bazara çıxardıqları məhsullar ölçülür. Sırf tədqiqatçılıq keyfiyyəti universiteti, ümumilikdə təhsili innovasiya, sənaye mühiti ilə sıx bağlayır. UNEC-in son illərdə sırf tədqiqat universiteti profili üzrə inkişaf xətti özünün ən yüksək reytinq göstəricilərində göstərdi.
Bu nəticənin əldə olunmasında, UNEC-i reytinqdə xeyli irəliləməsində iştirak edən ikinci indeqator isə beynəlmiləlləşmə parametrləridir. UNEC-in bu meyar üzrə irəliləməsi universitetin gələcək üçün qarşıya qoyduğu yol xəritəsinin ümumi mənzərəsini əks etdirir. Bir universitet özünün nəzəri, praktiki və tədqiqat bazası ilə məkan faktorunun sərhədlərini aşaraq dünya ilə ayaqlaşa bilmək üçün mütləq bu indeqatorun tələbləri üzərində fəaliyyət proqramını qurmalıdır. Dünyanın nəhəng universitetlərinin ilkin özəlliyi onların məhz beynəlmiləl funksiyalarındadır ki, Azərbaycan gerçəkliyində də UNEC bunu ən yaxşı bacaran ali təhsil müəssisəsi rolunda çıxış edir.
Qeyd edək ki, “Times Higher Education” reytinq sıralamasında UNEC-dən sonra 3 universitetimiz-Bakı Dövlət Universiteti, ADNSU və AzTU yalnız 1501+ yerdə qərarlaşıblar.

