Bu gün Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu başlayır.
“Qafqazinfo” xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Forumun açılış mərasimində Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Forumun Təşkilat Komitəsinin sədri Xalq artisti Cahangir Novruzov, eləcə də Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələri və mədəniyyət elçiləri iştirak edirlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş olunub.Proqram çərçivəsində panel müzakirələr və hesabat iclasları nəzərdə tutulur. Eyni zamanda, Antalyada keçirilən “Mədəniyyət Yolu” Festivalı çərçivəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da baş tutacaq.
Qeyd edək ki, noyabrın 5-dək davam edəcək forumun əsas məqsədi Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması və incəsənət sahələrinin inkişafına dəstək verilməsidir.

