Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə, fakültə əməkdaşları Mehriban Qurbanova-Ərəbxanova, Lamiyə Abbasova və Ülkər Şahbazova I kurs tələbələri ilə birgə fakültənin məzunu, 44 günlük Vətən müharibəsinin şəhidi Elvin Bayramovun ev muzeyini ziyarət ediblər.
“Tehsil365” bildirir ki, Elvin Bayramov 26 oktyabr 2020-ci il tarixində Füzulidə gedən döyüşlərdə şəhid olub. ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin məzunu olan Elvin Bayramov İslam oğlu 44 günlük Vətən müharibəsində şücaət göstərmiş və qəhrəmanlığı ilə yadda qalıb. Ölümündən sonra onun ailəsinə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları təqdim edilib.
Ziyarət zamanı Elvinin anası I kurs tələbələrini ev muzeyi ilə tanış edib, onun xatirələrini paylaşıb. Tələbələr Elvinin əl işləri, şəxsi əşyaları və fotoşəkilləri ilə yaxından tanış olub, onun universitet illərindəki fəaliyyəti və tələbəlik xatirələri haqqında məlumat alıblar.
Ziyarət gənclərin Vətən sevgisi, qəhrəmanlıq və fədakarlıq anlayışını daha dərindən dərk etməsi üçün əhəmiyyətli olub. Tədbir həm də tələbələr üçün vətənpərvərlik ruhunun aşılanması, keçmiş nəsillərin qəhrəmanlığının yad edilməsi və Elvin Bayramov kimi gənclərin xatirəsinin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edib.

