Təhsil 365 - Logo Mobile

Qubadlıdan olan qəhrəman: Şəhid İlqar Əhmədov

72003.11.2025 - 15:55
Qubadlıdan olan qəhrəman: Şəhid İlqar Əhmədov

Qubadlı rayonunun Çaytumas kəndindən olan İlqar Adil oğlu Əhmədov 06 aprel 1978-ci ildə Bakının Binəqədi rayonu, Məmmədəmin Rəsulzadə qəsəbəsində dünyaya gəlib. Uşaqlıqdan ağlı, tərbiyəsi və vətənə olan sevgisi ilə hər kəsin rəğbətini qazanıb. Orta məktəbi bitirdikdən sonra ali təhsil almağa başlayıb, eyni zamanda cangüdənlik kursunu da uğurla keçib.

“Tehsil365” xəbər verir ki, İlqar və qardaşı Vüqar bir-birlərinə çox bağlı idilər. Hər ikisi idmanla məşğul olur, musiqini çox sevir və dərsdən sonra işləyib ailələrinə maddi dəstək olurdular. Qazandıqları pulla ehtiyacı olanlara kömək etmələri onların böyüklüyünün nümayişi idi.

Ali təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanan İlqar kəşfiyyatçı kimi 1 il 10 ay Vətənə xidmət edib. 26 yanvar 2000-ci ildə verilmiş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən basdırılmış minaya düşərək qəhrəmancasına şəhid olub.

Qardaşı Vüqar isə ali təhsil alaraq İsveçrənin Stokholm şəhərində Azərbaycan diasporunu formalaşdıran fəallardan biri olub. O, bir neçə xarici dili bilib, Azərbaycanı layiqincə təmsil edib, üçrəngli bayrağımızı uca tutub.

Lakin bir gün aldığı xəbər Vüqarın taleyini dəyişib: anası Leyla xanımın ağır xəstələndiyini eşidərək dərhal vətənə qayıdıb. Qardaş həsrəti, anasına olan dərdi və keçirdiyi sarsıntılar 25 yaşlı Vüqarın ürəyini dayandırıb. O da qəflətən dünyasını dəyişib.

Bu gün Leyla ana və Adil ata iki oğul itkisinin ağır yükü ilə baş-başa qalıblar. Oğullarının xatirələri və şəkilləri ilə dolu otaq onların ən böyük təsəllisinə çevrilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!
Qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Əli İbrahimov

Haber akışı

Şu anda haber akışın da haber yok...