Ən böyük təhsil problemini nədə görürsünüz?
Bu barədə təhsil eksperti Kamran Əsədov “Tehsil365”ə açıqlama verib.
Ekspertin fikrincə, Azərbaycanda təhsil sistemində müşahidə olunan əsas problemlər idarəetmə mexanizmlərindən çox, məzmunun və məqsədin qeyri-müəyyənliyindən irəli gəlir. “Azərbaycan Respublikasının ‘Təhsil haqqında’ Qanunun 4-cü maddəsində təhsilin məqsədi vətəndaşların bilik, bacarıq və vərdişlərinin inkişafı, mənəvi-estetik və fiziki tərbiyəsinin təmin olunması kimi müəyyən edilsə də, bu hədəflər reallıqda formal xarakter daşıyır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, hazırkı sistem “öyrənmə prosesinin keyfiyyətinə” deyil, “ölçülən nəticələrə” – ballara, faizlərə və reytinqlərə əsaslanır. Elm və Təhsil Nazirliyinin 2024-cü ilin sonuna olan məlumatına görə, orta məktəbi bitirən şagirdlərin təxminən 58 faizi qəbul imtahanında 200 baldan yuxarı nəticə göstərə bilmir. Ekspert bu göstəricini ümumi təhsil məzmununun keyfiyyət problemi kimi qiymətləndirir.
O əlavə edib ki, PISA 2022 nəticələrinə əsasən, Azərbaycan şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə nəticələri OECD ölkələri ortalamasından 70–90 bal aşağıdır. “Bu fərq yalnız bilik səviyyəsinin deyil, həm də öyrənmə mühitinin və tədris metodikasının struktur problemlərini göstərir”, – deyə ekspert vurğulayıb.
Ekspert son illərdə aparılan islahatların – elektron jurnalların tətbiqi, müəllimlərin sertifikasiyası, dərsliklərin rəqəmsallaşdırılması və peşə təhsilinin genişləndirilməsinin – sistemin şəffaflığını və hesabatlılığını artırdığını qeyd edib. Onun sözlərinə görə, 2024-cü ildə müəllimlərin 81 faizi sertifikasiya imtahanında minimum tələbi keçib ki, bu da əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir. Lakin müəllimlərin psixoloji yükü və sosial statusunun zəifləməsi kimi problemlər hələ də qalmaqdadır.
“Təhsil sistemində vahid ideoloji xəttin olmaması əsas maneədir. Finlandiyada sosial bərabərlik, Koreyada fərdi nailiyyət və kollektiv rifah prinsipi əsas götürülürsə, bizdə sovet irsindən gələn ‘imtahan mərkəzli’ və Qərb tipli ‘kompetensiya yönümlü’ modellər qarışıq şəkildə tətbiq olunur. Nəticədə nə müəllim sərbəstdir, nə də şagird yaradıcı”, – ekspert bildirib.
Onun fikrincə, son illərdə məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, dərs yükünün azaldılması və regionlarda müəllim çatışmazlığının aradan qaldırılması kimi addımlar müsbət təsir göstərib. Nazirliyin məlumatına görə, son iki ildə 3700-dən çox müəllim kənd məktəblərində işlə təmin olunub.
Ekspert hesab edir ki, əsas dəyişiklik təhsil məzmunu və məqsəd səviyyəsində olmalıdır: “Təhsil yalnız bilik vermək deyil, düşünmə, təhlil və yaradıcılığı inkişaf etdirməyə yönəlməlidir. Qanunvericilikdə göstərildiyi kimi, milli-mənəvi dəyərlər qorunmaqla yanaşı, proqramlar beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır”.
Onun sözlərinə görə, idarəetmədə mərkəzləşmə problemi də qalmaqdadır. “Finlandiya və Estoniyada məktəblərin 70 faizi tədris planının bir hissəsini özü müəyyənləşdirir, bizdə isə bu göstərici 10 faizi keçmir. Məktəblərə daha çox muxtariyyət verilsə, müəllim yaradıcılığı və təhsil keyfiyyəti artar”, – deyə ekspert bildirib.
Sonda o qeyd edib ki, Elm və Təhsil Nazirliyinin şəffaflıq və hesabatlılıq istiqamətində atdığı addımlar təqdirəlayiqdir: “Amma növbəti mərhələdə məqsəd keyfiyyətin ölçülməsi deyil, onun formalaşdırılması olmalıdır. Təhsil siyasəti ‘neçə nəfər universitetə daxil oldu’ sualından ‘neçə nəfər həyatda uğurlu oldu’ sualına keçməlidir”.
Ekspertin qənaətinə görə, əgər bu islahatlar davamlı həyata keçirilərsə, Azərbaycan təhsili yaxın illərdə regionda lider mövqeyə yüksələ bilər.

