Bakı şəhəri Qaradağ rayonundakı Neftçi Qurban adına 288 nömrəli məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın təşkil etdiyi tədbirdə 2 “Ç” sinfi iştirak edib. Məktəbin kollektivi ilə yanaşı, şəhid məzunların anaları – Leyla Musayeva, Rəqibə Seyidova, Güllər Məmmədova və Fəridə İsmayılova da qatılıblar.
Dövlət Himni ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor Aygün Hüseynova çıxışında Heydər Əliyevin müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasındakı rolunu vurğulayıb, 1995-ci il Konstitusiyasının ölkənin inkişaf yolunu müəyyən edən mühüm sənəd olduğunu bildirib. O, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.
Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Hüseynov da “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən danışaraq Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı xidmətlərini qeyd edib.
Tədbirdə 2 “Ç” sinif şagirdləri milli rəqslər, vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa edib, səhnəciklər nümayiş etdiriblər.

