Görkəmli pianoçu, Azərbaycan SSR xalq artisti, professor Çingiz Hacı oğlu Sadıqovun vəfatından 30 dekabr 2025-ci il tarixində 8 il ötür.
"Tehsil365" xəbər verir ki,
1929-cu il aprelin 5-də Bakıda anadan olan Çingiz Sadıqov Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynamış, uzun illər ərzində bir çox tanınmış ifaçılarla çalışaraq sənətsevərlərin qəlbində dərin iz buraxmışdır. Onun ifa tərzi milli musiqi ilə klassik musiqi ənənələrinin ahəngdar vəhdətini nümayiş etdirirdi.
1987-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülən sənətkar 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi də fəaliyyət göstərmişdir. O, yüzlərlə tələbənin yetişməsində, Azərbaycan fortepiano məktəbinin formalaşmasında böyük əməyi olmuş görkəmli pedaqoq kimi də yadda qalmışdır.
Çingiz Sadıqov 2017-ci il dekabrın 30-da ABŞ-ın San-Fransisko şəhərində vəfat etmişdir.
Ustad sənətkarın zəngin yaradıcılığı bu gün də ifa olunur və gənc musiqiçilərə örnək kimi təqdim edilir. Onun əziz xatirəsi Azərbaycan musiqi mədəniyyətində hər zaman hörmətlə yad olunacaq.

