Bakı, 24 fevral – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və pedaqoq Abdulla Şaiqin anadan olmasının ildönümü münasibətilə ölkənin bir sıra mədəniyyət və təhsil müəssisələrində anım tədbirləri keçirilib.
“Tehsil365” xəbər verir ki,1881-ci il fevralın 24-də Tiflisdə dünyaya gələn ədib Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. O, bədii yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyəti və tərcümələri ilə də milli maarifçilik hərəkatına töhfə verib. Abdulla Şaiq 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 1940-cı ildə isə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Tədbirlər çərçivəsində yazıçının əsərlərindən parçalar səsləndirilib, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təqdim olunub. Ədəbiyyatşünaslar çıxışlarında Abdulla Şaiqin yaradıcılığının bu gün də aktuallığını qoruduğunu və yeni nəslin tərbiyəsində əhəmiyyətli rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat edib. Onun zəngin ədəbi irsi Azərbaycan mədəniyyətinin dəyərli hissəsi kimi bu gün də yaşamaqdadır.

