Təhsil 365 - Logo Mobile

Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər

7224.02.2026 - 17:45
Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər

Pakistandan Azərbaycana gəlmiş əslən Qarabağın Cavanşirlər nəslindən olan Əşrəf Şad və xanımı Fatimə Şad Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Muzeydən “Tehsil365"ə bildirilib ki, Əşrəf Şad siyasi fantastika, urdu poeziyası və media təhlili üzrə ixtisaslaşmış Pakistan-Avstraliya yazıçısı, şairi və jurnalistidir. Fatimə Şad isə Avstraliya, ABŞ, BƏƏ, Bəhreyn, Pakistan və Bruneydə 35 ildən çox tədqiqatların müəllifi olan təcrübəli nevroloq, neyrocərrahdır.

Qonaqlar muzeyin ekspozisiyasını seyr edib, Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına sevgilərini bildirib, poeziyamızdan nümunələri böyük həyəcanla dinləyiblər. Yazıçı Əhməd Şad ulu babalarının Qarabağın şanlı Cavanşirlər nəslindən olduğundan fəxarət hissi ilə danışıb, bu torpağın onun üçün nə qədər müqəddəs və əziz olduğunu söyləyib.

Əşrəf Şad muzeydə ulu babası Qarabağ xanı Pənahəli xanın gülləbatmaz köynəyini, XVIII əsr Qarabağ xanlarının fərmanlarını görüncə təsirlənib. O, Xurşidbanu Natəvan haqqında məlumatı dinləyib, bu nəslin nümayəndəsi olduğu üçün qürur hissi yaşadığını söyləyib. Qonaq hər zaman ürəyində Qarabağı görmək arzusu olduğunu qeyd edib.

Fatimə Şad neyrocərrah olsa da, ədəbiyyata, poeziyaya xüsusi sevgisi olduğunu vurğulayaraq, özünün urdu və ingilis dillərində şeirlər yazdığını bildirib.

Qonaqlara Azərbaycanın qadın şairləri – Məhsəti Gəncəvi, Doxtəre-Salar, Doxtəre Gavə, Doxtəre Xətib, Doxtəre Səti, Rəziyyə Gəncəvi, Heyran xanım, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Ağabəyim ağa Ağabacı haqqında ətraflı məlumatlar verilib.

Onlar öz ürək sözlərini muzeyin Təəssüratlar kitabına yazıblar.

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...