Təhsil 365 - Logo Mobile

Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub

3924.02.2026 - 18:53
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub

Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filminin təqdimatı keçirilib.


“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, film Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.


Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan filmin ideya və ssenari müəllifi Gülzar Mustafayeva bildirib ki, ekran əsərinin ideyası uzun müddət ərzində formalaşıb və tədricən tam bir layihəyə çevrilib. O bildirib ki, filmin əsas məqsədi müharibələrin və faciələrin ən ağır yükünü daşıyan anaların, qadınların yaşadığı dərin və sağalmayan ağrını göstərməkdir.


“Belə bir qənaətə gəlmişdim ki, hər bir müharibənin, hər bir faciənin ən ağır yükü anaların üzərinə düşür. İstər cəbhədə, istərsə də arxa cəbhədə – hər bir ölümün arxasında bir ana dayanır. O ana ki, övladını dünyaya gətirir və sonra həmin sağalmayan yaranın ağrısı ilə bir ömür boyu yaşayır”, - deyə o vurğulayıb.


Ssenaristin sözlərinə görə, üç ölkədə lentə alınan film üç xalqı birləşdirən ortaq ağrını nümayiş etdirir. İkinci Dünya müharibəsi, keçmiş Yuqoslaviya müharibəsi və 1992-ci ildə baş vermiş Xocalı faciəsi – zaman və məkan fərqli olsa da, hər birində insanlıq eyni vəhşiliklə üz-üzə qalıb. Hər bir faciədə ən ağır zərbə dinc insanlara, xüsusilə də analara dəyib.


Gülzar Mustafayeva filmin ərsəyə gəlməsində əməyi və dəstəyi olan hər kəsə dərin təşəkkürünü bildirib.


Sənədli filmin quruluşçu rejissoru Məzahir Həşimov çıxışında qeyd edib ki, ekran əsərinin fərqi üç faciənin vahid kontekstdə təqdim olunmasıdır. Onun sözlərinə görə, aparılan paralellərin əsas məqsədi tarixi hadisələrin miqyasını müqayisəli şəkildə göstərməkdir: “Əgər tərəzinin bir gözünə digər faciələri qoyuruqsa, o biri gözündə Xocalı faciəsinin də ağırlığını görmək lazımdır. Çalışdıq ki, bu tarazlığı və həmin ağrının miqyasını film vasitəsilə tamaşaçıya çatdıraq”.


“Xocalı. Üç faciə – bir ağrı” adlı ekran əsəri XX əsrin üç məşhur faciəsinə – 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına, 10 iyun 1942-ci ildə Çexiyanın Liditse kəndinin məhv edilməsinə və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş qətliama həsr olunub. Filmin müəllifi bu hadisələr arasında paralellər apararaq İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrün faşizmi arasındakı oxşarlıqlara diqqət çəkir.


Film üzərində iş prosesi çərçivəsində çəkiliş qrupu Çexiya, Bosniya və Herseqovinada olub, Liditse Memorial Kompleksini və Terezin həbs düşərgəsini, həmçinin Srebrenitsa memorialını ziyarət edib. Praqa və Liditsedə tarixçilərlə, Srebrenitsa və Xocalı faciələrinin şahidləri ilə görüşlər keçirilib.


Filmin operatorları Vüsal Ələkbərov və Samir Nuralıyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri isə Vüqar Xəlilovdur.


Çəkiliş qrupu filmin hazırlanmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinə, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyinə, Çex Respublikasının ölkəmizdəki konsulluğuna, Liditse Memorialının rəhbərliyinə, Praqa Hərbi Tarix İnstitutuna, Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbərliyinə, M.F.Axundzafə adına Milli Kitabxanaya, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, eləcə də Azərbaycan Respublikasının Audiovizual Şurasına təşəkkürünü bildirir.


Qeyd edək ki, fevralın 25-dən etibarən film CBC TV-nin

efirində yayımlanacaq.


Fatimə Cəfərzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...