Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru professor Gülzada Şakulikovanın rəhəbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
“Tehsil365” xəbər verir ki, rektor Elçin Babayev Qazaxıstanın ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsinin BDU-nun əsas prioritetlərindən olduğunu bildirib. O, BDU-nun güclü kimya məktəbinin olduğunu xatırladaraq, nəzəri və tətbiqi kimyanın müxtəlif istiqamətləri üzrə birgə tədqiqat imkanlarının mövcudluğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, həm də Azərbaycan və Qazaxıstan arasında innovasiya və enerji elmləri sahəsində qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Professor Gülzada Şakulikova BDU ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Qazaxıstanın enerji sektoru üçün kadrlar hazırlayan əsas ixtisaslaşmış universitetlərindən biridir. O, xüsusilə neft-qaz mühəndisliyi, kimya, geologiya, informasiya texnologiyaları üzrə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər iki universitet arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə innovativ layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Həmçinin birgə tədqiqatların aparılması, konfransların, gənc tədqiqatçılar və tələbələr üçün birgə yay və qış məktəblərinin təşkili, elmi məqalələrin hazırlanması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlinib.

