Təhsil 365 - Logo Mobile

ADU-da süni intellektə həsr olunmuş seminar keçirilib

7502.05.2026 - 09:08
ADU-da süni intellektə həsr olunmuş seminar keçirilib

Aprelin 30-da Azərbaycan Dillər Universitetinin Təbriz korpusunun oxu zalında İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı və CodeNest Akademiyanın iştirakı ilə “Süni intellekt: təhsildə yeni era və praktiki tətbiqlər” mövzusunda seminar keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Leyla Xanbutayeva açaraq qonaqları və iştirakçıları salamlayıb, mövzunun aktuallığını vurğulayıb. O, süni intellektin təhsil prosesinə inteqrasiyasının müasir dövrdə mühüm əhəmiyyət daşıdığını qeyd edib. Seminarda Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri, i.f.d., dosent Anar Osmanlı, universitetin Təlim və metodologiya şöbəsinin müdiri, baş müəllim Mülayim Bağırova, İngilis dilinin qrammatikası kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADU-nun rektorunun müşaviri, i.f.d., dosent Anar Osmanlı çıxış edərək seminarın mövzusunun aktuallığını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və süni intellekt sahəsində səsləndirdiyi çağırışlar ali təhsil müəssisələri üçün mühüm istiqamət müəyyənləşdirir. Rektorun müşaviri həmçinin iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə universitetdə bu istiqamətdə ardıcıl işlər görülür. Bu baxımdan İngilis dilinin qrammatikası kafedrasının belə aktual mövzulara çevik reaksiya verməsi və təşəbbüs göstərməsi yüksək qiymətləndirilməlidir. O, kafedranın fəaliyyətini müsbət dəyərləndirib, tədbirin təşkilatçılarına və CodeNest Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir CodeNest Akademiya ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. CodeNest MMC-nin təsisçisi və direktoru Əliqulu Abbasov tərəfindən hazırlanan proqram əsasında seminarın məzmunu formalaşdırılıb.

Seminarın əsas məqsədi tələbə və müəllim heyətini süni intellektin fundamental prinsipləri ilə tanış etmək, dil öyrənmə və tədris prosesində bu texnologiyanın praktiki tətbiq imkanlarını nümayiş etdirmək və rəqəmsal bacarıqların inkişafına töhfə vermək olub.

Seminar iki hissədən ibarət olub. Birinci hissədə CodeNest Akademiyanın süni intellekt təlimçisi Fərahim Mustafazadə süni intellektin işləmə prinsipləri, imkan və məhdudiyyətləri, “hallüsinasiya” riski, akademik etik məsələlər və prompt mühəndisliyi haqqında məlumat verib.

İkinci hissədə CodeNest Akademiyanın təlimçisi, ASOAİU magistri Tünzalə Əhmədova Budapeştdən onlayn bağlantı ilə çıxış edərək süni intellektin ingilis dilinin öyrənilməsində tətbiqi, self-study metodları, fərdi öyrənmə strategiyaları və müəllimlər üçün innovativ dərs materiallarının hazırlanması imkanlarını təqdim edib.

Çıxışlarda vurğulanıb ki, süni intellekt təhsildə insanı əvəz edən deyil, onu gücləndirən effektiv alət kimi istifadə olunmalıdır. Sonda iştirakçıların sualları cavablandırılıb, praktiki tövsiyələr verilib. Tədbirin universitetdə innovativ təhsil yanaşmalarının tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və yeni əməkdaşlıqların formalaşmasına töhfə verəcəyi qeyd olunub.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...