Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvləri və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Mən və kölgəm” layihəsi çərçivəsində “Qrup terapiyası” adlı təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, “BDU könüllüləri”nin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Fidan Cəlilova psixoloji maarifləndirmənin müasir dövrdə əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu kimi təşəbbüslər tələbələrin şəxsi inkişafına müsbət təsir göstərir, onların özünü dərk etmə və sosial bacarıqlarını gücləndirir.
Təlimin aparıcısı, psixoloq-psixoterapevt Firuzə Əliyeva sessiya zamanı iştirakçılara terapiyanın əsas prinsipləri, psixoloji rifaha təsiri, eləcə də qrup terapiyasının fərdi terapiya ilə müqayisədə üstünlükləri barədə ətraflı məlumat verib.
Praktiki hissə ilə davam edən təlimdə iştirakçılar müxtəlif interaktiv tapşırıqlara qoşularaq özlərini ifadə etmə, emosiyalarını anlama və qrup daxilində effektiv ünsiyyət qurma bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

