Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinə dair 2023–2027-ci illər üçün Strategiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə “Dəyişən dünyada virtual diplomatiya” mövzusunda elmi seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarı giriş sözü ilə açan Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə iştirakçıları salamlayıb, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və məruzəçilərə uğurlar arzulayıb.
Daha sonra tədbirin moderatoru, Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Aysel Bağırova müasir beynəlxalq münasibətlər sistemində virtual diplomatiyanın nəzəri və praktiki baxımdan öyrənilməsinin aktuallığını əsaslandırıb, bu istiqamətdə aparılan tədqiqatların elmi əhəmiyyətindən bəhs edib.
Seminar məruzəçilərin çıxışları ilə davam edib. Magistrant Nərmin Bayramova “Rəqəmsal transformasiya və diplomatik ünsiyyətin yeni formaları” mövzusunda çıxış edərək rəqəmsal diplomatiyanın xüsusiyyətləri və ənənəvi diplomatiya ilə müqayisəsi haqqında məlumat verib. Müəllim Elvin Cəfərli “Kibertəhlükəsizlik və etimad məsələləri” mövzusunda çıxışında kiber təhdidlər və bu sahədə görülən tədbirlərdən bəhs edib. Doktorant İsmixan Rəhimov isə “Virtual diplomatiyanın beynəlxalq əməkdaşlıq və münaqişələrin həllində rolu” mövzusunda çıxış edərək bu sahənin imkanları və mövcud çağırışları haqqında fikirlərini bölüşüb.
Seminar iştirakçıların sualları və müzakirələri ilə davam edib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

