Təhsil 365 - Logo Mobile

BDU tədqiqatçıları “SciVal” platformasının strateji analiz alətləri ilə tanış olublar

7403.05.2026 - 08:34
BDU tədqiqatçıları “SciVal” platformasının strateji analiz alətləri ilə tanış olublar

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və “Elsevier” şirkətinin dəstəyi ilə keçirilən təlimlər silsiləsi çərçivəsində üçüncü sessiya baş tutub. “Elsevier”in meneceri Saide Sak tərəfindən aparılan təlim “Tədqiqat, inkişaf və innovasiyada mükəmməllik üçün “SciVal” ilə strateji analiz” mövzusuna həsr olunub.

“Tehsil365” xəbər verir ki, tədbirdə professor-müəllim heyəti, gənc tədqiqatçılar və akademik idarəetmə sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak ediblər. Sessiya iştirakçıların məlumat əsaslı qərarvermə bacarıqlarının inkişafına yönəlib.

Təlim zamanı “Elsevier”in qabaqcıl elmi analitika platforması olan “SciVal” haqqında geniş məlumat təqdim olunub. Bildirilib ki, bu platforma ali təhsil müəssisələrinə tədqiqat fəaliyyətinin effektivliyini qiymətləndirmək, potensial əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və qlobal səviyyədə müqayisəli təhlillər aparmaq imkanı yaradır. İştirakçılar nəşr trendlərinin analizi, sitat təsirinin qiymətləndirilməsi və yeni yaranan tədqiqat istiqamətlərinin müəyyən edilməsi kimi əsas funksiyalarla tanış olublar.

Sessiyanın əsas mövzularından biri tədqiqat strategiyasının akademik məqsədlərlə uyğunlaşdırılması olub. İştirakçılara “SciVal” platformasının mövcud elmi portfellərdə güclü və zəif tərəflərin, eləcə də inkişaf imkanlarının müəyyənləşdirilməsində rolu izah edilib. Praktiki nümayişlər vasitəsilə universitetlərin məlumat əsaslı yanaşmalarla tədqiqatın əlçatanlığının artırması, beynəlxalq əməkdaşlıqları genişləndirməsi və innovasiya nəticələrini gücləndirməsi yolları təqdim olunub.

“Elsevier”in nümayəndəsi çıxışında müasir elmi mühitdə analitik alətlərin əhəmiyyətinin artdığını vurğulayaraq qeyd edib ki, universitetlər strateji qərarlarını etibarlı məlumatlara əsaslanaraq qəbul etməlidirlər. “SciVal” kimi platformaların ali təhsil müəssisələrinə daha əsaslandırılmış qərarlar qəbul etməyə və qlobal elmi reytinqlərdə mövqelərini gücləndirməyə imkan verdiyi diqqətə çatdırılıb.

Təlimin interaktiv hissəsində iştirakçılar real nümunələr üzərində işləyərək “SciVal” alətlərini praktik olaraq tətbiq ediblər. Bu çərçivədə yüksək təsirli jurnalların müəyyənləşdirilməsi, elmi əməkdaşlıq şəbəkələrinin xəritələndirilməsi və maliyyələşmə trendlərinin təhlili kimi tapşırıqlar yerinə yetirilib. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri gündəlik elmi fəaliyyətlərində tətbiq etmələrinə şərait yaradıb.

Qeyd edək ki, “Elsevier” ilə əməkdaşlıq çərçivəsində keçirilən bu təlimlər Universitetdə müasir analitik alətlərin tətbiqinin genişlənməsinə və elmi mühitin qlobal standartlara uyğun inkişafına töhfə verir. Bu təşəbbüs həmçinin tədqiqatçıların və idarəçilərin daha effektiv, məlumat əsaslı qərarlar qəbul etməsinə şərait yaradaraq Universitetin beynəlxalq elmi mühitdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...