Özbəkistan Prezidenti Şavkat Mirziyoyev beynəlxalq təhsil standartlarına əsaslanan orta peşə, peşə və ali təhsil proqramlarının tətbiqi və aparıcı xarici universitetlərlə akademik əməkdaşlığın genişləndirilməsi ilə bağlı müşavirə keçirib.
“Tehsil365” rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı son səkkiz ildə ölkənin ali təhsil sisteminin inkişafına və gənclərin keyfiyyətli təhsilə çıxışının genişləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar həyata keçirildiyini bildirib. Xüsusilə, ali təhsilə qəbul 9 faizdən 44 faizə, tələbələrin sayı isə 270 mindən 1,7 milyona yüksəlib. Təkcə bu il 643 texniki məktəbdən 100-ü Almaniya, Böyük Britaniya, İsveçrə, Çin, Koreya və digər ölkələrin qabaqcıl peşə təhsili proqramlarını tətbiq edir.
Prezident Mirziyoyev, həmçinin təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq, milli universitetlərin beynəlxalq rəqabət qabiliyyətini gücləndirmək və məzunların qlobal əmək bazarında cəlbedici təkliflərə sahib olmasını təmin etmək üçün bu sahədə işləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağın lazım olduğunu qeyd edib. O, 2030-cu ilə qədər ümumi reytinqdə ən azı beş ali təhsil ocağının ilk 500 universitet arasında yer alması hədəfini qarşıya qoyub. Bundan əlavə, 100 universitet proqramı üçün beynəlxalq akkreditasiyanın keçirilməsi və 150 texniki kollecdə beynəlxalq təhsil proqramlarının tətbiqi planları hazırlanır.
Bundan başqa, universitet məzunlarının və müəllimlərinin ən azı 30 faizinin xarici dil, peşə və ixtisaslar üzrə beynəlxalq sertifikatlar almasını təmin etmək, 2500 texniki məktəb müəllimini və 20000 universitet müəllimini xaricdə ixtisasartırma kurslarına göndərmək kimi məqsədlər də müəyyən edilib.

