Təhsil 365 - Logo Mobile

Odlar Yurdu Universiteti ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunub

13601.08.2026 - 05:24
Odlar Yurdu Universiteti ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunub

29–31 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda təşkil olunan Ali Təhsil Müəssisələrinin Sərgisi uğurla başa çatıb. Üç gün davam edən sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, eləcə də müxtəlif dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, sərgidə Odlar Yurdu Universiteti də öz stendi ilə təmsil olunaraq ziyarətçilərə universitetin bakalavr, magistratura, MBA və kollec səviyyələri üzrə təhsil imkanları, ixtisaslar, beynəlxalq əməkdaşlıqları, müasir tədris infrastrukturu və qəbul prosesi barədə ətraflı məlumat təqdim edib.

Üç gün ərzində universitetin stendini ziyarət edən abituriyentlər, subbakalavrlar, magistratura pilləsinə qəbul olmaq istəyən namizədlər, valideynlər və digər ziyarətçilər universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara ətraflı cavab alıblar. Eyni zamanda ziyarətçilərə universitet haqqında məlumatlandırıcı materiallar və müxtəlif hədiyyələr təqdim olunub.

Sərgi müddətində ümumilikdə 3500-ə yaxın ziyarətçi qeydiyyatdan keçərək tədbirdə iştirak edib. Tədbirin son günündə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sərgiyə baş çəkərək ali təhsil müəssisələrinin və digər qurumların nümayəndələrinə, eləcə də təşkilatçılara təşəkkürünü bildirib. Sərgi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə və həmin şöbənin sektor müdiri Taleh Məmmədkərimov da Odlar Yurdu Universitetinin stendini ziyarət edərək universitet nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sərginin əsas məqsədi ixtisas seçimi ərəfəsində gəncləri ali təhsil müəssisələrinin təklif etdiyi imkanlarla yaxından tanış etmək, onların düzgün ixtisas seçiminə dəstək göstərmək və qəbul prosesi ilə bağlı məlumatlandırmaq olub. Odlar Yurdu Universiteti sərgi çərçivəsində gələcəyini keyfiyyətli ali təhsillə qurmaq istəyən hər kəslə səmərəli görüşlər keçirməkdən məmnunluğunu ifadə edir və universitetin stendinə maraq göstərən bütün ziyarətçilərə təşəkkürünü bildirir.


Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...