Təhsil 365 - Logo Mobile

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ATU-nun sərgi stendini ziyarət edib

14001.08.2026 - 05:32
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ATU-nun sərgi stendini ziyarət edib

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) stendini ziyarət edib. 

“Tehsil365” xəbər verir ki, ziyarət zamanı Məleykə Abbaszadə universitetin fəaliyyəti, tədris imkanları, ixtisasların tanıdılması və abituriyentlərin peşə seçiminə dəstək istiqamətində görülən işlərlə maraqlanıb. O, həmçinin sərgi iştirakçılarının ATU-ya göstərdiyi maraq barədə məlumat alıb. 


ATU nümayəndələri bildiriblər ki, universitetin stendi qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin xüsusi diqqət mərkəzində olub. Ziyarətçilərə universitetin təhsil proqramları, fakültələri, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat təqdim edilib. 


Qeyd edək ki, sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi ilə yanaşı, Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, "Abituriyent" jurnalının redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az  onlayn sınaq imtahanı portalı da stendlərlə təmsil olunub. 


DİM-in Elektron İmtahanlar Korpusunda 29–31 iyul 2026-cı il tarixlərində keçirilən sərginin əsas məqsədi abituriyentləri ali təhsil müəssisələrinin təhsil imkanları ilə yaxından tanış etmək, onların ixtisas seçimini daha düzgün müəyyənləşdirməsinə dəstək göstərmək olub. Sərgi çərçivəsində iştirakçılar DİM mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən də ödənişsiz istifadə etmək imkanı əldə ediblər.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...