Azərbaycan Tibb Universiteti (ATU) 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Təsdiqlənmiş qəbul planına əsasən, universitetdə 7 ixtisas və 32 ixtisaslaşma üzrə ümumilikdə 194 magistrantın qəbulu nəzərdə tutulur. Onlardan 189 yer Azərbaycan, 5 yer isə rus bölməsi üzrə ayrılıb.
“Tehsil365” xəbər verir ki, yeni qəbul planı ötən tədris ili ilə müqayisədə magistratura təhsilinin əhatə dairəsinin genişləndirildiyini göstərir. Belə ki, 2025/2026-cı tədris ilində ATU-ya 20 ixtisaslaşma üzrə 115 magistrant qəbul olunmuşdu. Bu il isə ixtisaslaşmaların sayı 32-yə yüksəlib.
Qəbul planında klinik psixologiya, biokimya, mikrobiologiya, səhiyyə və əczaçılıq menecmenti, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı işi kimi istiqamətlər üzrə müasir əmək bazarının və səhiyyə sisteminin tələblərinə uyğun ixtisaslaşmalar yer alıb.
Bununla yanaşı, klinik əczaçılıq, farmakologiya, əczaçılıq kosmetologiyası, ədliyyə toksikologiyası, əczaçılıq fitoterapiyası, sənayedə əczaçılıq analizi, protez-ortez və biomexanika, kardiopulmonar fizioterapiya və digər istiqamətlər üzrə kadr hazırlığının təşkili universitetin magistratura təhsilinin məzmununun zənginləşdirilməsinə və təhsil imkanlarının daha da genişləndirilməsinə xidmət edir.

