Təhsil 365 - Logo Mobile

Azərbaycanda yuxarı sinif şagirdlərinin sayı artıb

11123.10.2026 - 09:45
Azərbaycanda yuxarı sinif şagirdlərinin sayı artıb

Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrinin 10-11-ci siniflərində təhsil alan şagirdlərin sayı 244 min 626 nəfər olub.

“Tehsil365” in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2024/2025-ci tədris ilində bu rəqəm 233 min 715 nəfər təşkil edib. Beləliklə, bir il ərzində yuxarı sinif şagirdlərinin sayı 10 min 911 nəfər artıb.

2025/2026-cı tədris ilinin əvvəlində şagirdlərin 163 min 537 nəfəri şəhər, 81 min 89 nəfəri isə kənd yerlərində təhsil alıb.

Dövlət ümumi təhsil müəssisələrinin 10-11-ci siniflərində oxuyanların sayı 241 min 333 nəfər olub. Onlardan 160 min 244-ü şəhər, 81 min 89-u kənd məktəblərinin payına düşüb.

Qeyri-dövlət ümumi təhsil müəssisələrində isə yuxarı siniflər üzrə 3 min 293 şagird qeydə alınıb. Onların hamısı şəhər yerlərində təhsil alıb.

Müqayisə üçün qeyd edək ki, 2000/2001-ci tədris ilinin əvvəlində 10-11-ci siniflərdə təhsil alan şagirdlərin ümumi sayı 154 min 395 nəfər olub. 2005/2006-cı tədris ilində bu göstərici 245 min 797 nəfərə yüksəlib. Sonrakı illərdə azalan şagird sayı 2020/2021-ci tədris ilində 176 min 274 nəfərə enib, daha sonra yenidən artmağa başlayıb.

Beləliklə, son illərin statistikası Azərbaycanda 10-11-ci siniflərdə təhsil alan şagirdlərin sayında yenidən artım tendensiyasının müşahidə olunduğunu göstərir.

Asyat Abdurahmanova

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05